Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

BİR ZAMANLAR TƏKAMÜLƏ

"EMBRİOLOJİ DƏLİL OLDUĞU" GÜMAN EDİLİRDİ

 

Çarlz Darvin insanın mənşəyi haqqındakı nəzəriyyəsini və buna dair tapmış olduğunu güman etdiyi dəlilləri barəsində “The Descent of Man” (İnsanın Törəyişi) adlı kitabında izahat verdi. Bu kitabın səhifələrində yer alan tək şəkil isə, bilavasitə birinci hissədə yer alan, biri insan digəri isə it embrionlarına aid iki şəkil idi. "İnsanın daha aşağı səviyyəli bir formadan gəldiyinin dəlilləri" adlı hissədə Darvin belə yazırdı:

Embrional inkişaf: İnsan 1 dyümün 125-də biri böyüklüyündəki bir yumurta hüceyrəsindən meydana gələr və bu yumurta hüceyrəsi digər heyvanlarınkından heç fərqlənməz. Embrion inkişafının ilkin dövrlərində onurğalıların digər üzvlərindən çox çətin fərqləndirilə bilir. Bu dövrdə... (insan embrionunun) boynunun iki yanındakı yarıqlar hələ də öz varlığını qoruyur".(53)

Bundan sonra Darvin, insan embrionunun meymun və ya it kimi onurğalıların embrionlarına çox bənzədiyini, ancaq inkişafın (hamiləliyin) sonrakı dövrlərində fərqlənmənin baş verdiyini söyləyir və bunun müşahidələrə əsaslandığını irəli sürürdü. Dostu Asa Graye yazdığı bir məktubunda isə, embriologiyanı guya "nəzəriyyəsini dəstəkləyən ən əhəmiyyətli həqiqətlərdən biri" kimi xarakterizə etmişdi.(54)

Ancaq Darvin bir embrioloq deyildi. Heç vaxt embrionları lupa ilə əhatəli bir şəkildə tədqiq etməmişdi. Dolayısilə bu dəlilini meydana gətirərkən bu mövzuda nüfuzlu adam hesab etdiyi kəslərdən nümunə götürmüşdür. Verdiyi haşiyədə xüsusən də bir ad diqqət çəkirdi: “Natürliche Schöpfungsgeschichte” (Təbii Yaradılış Tarixi) adlı kitabında müxtəlif embrion şəkilləri vermiş və bunlar haqqında şərhlər vermiş Alman bioloq Ernst Hekkel.

Necə ki, Hekkel həqiqətən də qısa bir müddətdən sonra embriologiyanın təkamülçü şərhinin banisi və əsl sahibi olaraq tarixə keçəcəkdi.

Hekkel, Darvinin 1859-cu ildə nəşr olunan “Növlərin Mənşəyi” adlı kitabını böyük bir həyəcanla oxumuş, mənimsəmiş və Darvindən belə qatı bir təkamülçü olmuşdu. Bu nəzəriyyəyə "dəstək" olmaq üçün bir sıra tədqiqatlar apardı və kitab yazdı. 1868-ci ildə yazdığı “Natürliche Schöpfungsgeschichte” (Təbii Yaradılış Tarixi) adlı kitabında isə, ona əsl şöhrəti qazandıracaq olan embriologiya nəzəriyyəsini ortaya atdı. Hekkel bu saytda fərqli heyvanların və insanların yumurta hüceyrələrinin və embrionlarının inkişafın başlanğıcında bir-birləri ilə tamamilə eyni olduqlarını göstərirdi. Kitabın 242-ci səhifəsinə qoyduğu insan, meymun və it embrionu şəkilləri də buna bir dəlil idi. Zahirdə bir-birlərinin tamamilə eynisi olan bu şəkillər, Hekkelə görə bu canlıların ortaq bir kökdən gəldiklərini sübut edirdi.

Əslində isə bəhs olunan canlılar deyil, amma onların şəkilləri ortaq bir kökdən gəlirdi: Hekkel, tək bir embrion şəkli çəkmiş, sonra da bunun üzərində çox kiçik dəyişikliklər apararaq bəzi embrion şəkilləri meydana gətirmiş bunları isə insan, meymun və it embrionları adlandıraraq yan-yana yerləşdirmişdi!. Eyni rəsmləri yan-yana qoyduqda, əlbəttə ki, "bir-birlərinin eynisi" kimi görünürlər.(55)

Darvinin “İnsanın Törəyişi” kitabında qaynaq olaraq göstərdiyi "çalışma" bu idi. Halbuki, hələ Darvin bu kitabı yazmadan əvvəl, Hekkelin "çalışma"sında çox əhəmiyyətli bir təhrif olduğunu görən və bunu xəbər verən kimsələr olmuşdu. Hekkelin kitabını nəşr etdiyi 1868-ci ildə,“Archiv für Anthropologie” (Antropologiya Arxivi) adlı bir alman elm jurnalında dərc olunan L. Rutimeyer tərəfindən qələmə alınmış bir məqalədə, Hekkelin saxtakarlıq etdiyi gözlər önünə sərildi. Basel Universitetində zoologiya və müqayisəli anatomiya professoru olan Rutimeyer, Hekkelin embrion şəkillərininnəşr olunduğu iki kitabı,“Naturliche Schöpfungsgeschichte” (Təbii Yaradılış Tarixi)və “Über die Entstehung und den Stammbaum des Menschengeschlechts”i (İnsan Cinsiyyətinin Şəcərəsi və Meydana Gəlməsi Haqqında) araşdırmış, bunların hər ikisindəki embrion şəkillərinin də tamamilə həqiqətlərdən uzaq olduğunu göstərmişdi. Rutimeyer belə deyirdi:

Hekkel bu çalışmaların həm elm adamı olmayan kəslər tərəfindən asanlıqla başa düşülə biləcəyini, həm də elmi və akademik olduqlarını irəli sürür. Müəllifin ilk şərhinə heç kim qarşı çıxmayacaqdır, amma ikinci şərhi çox ciddi şəkildə müdafiə oluna biləcək bir iddia deyil. Bunlar, orta əsr formallıqları ilə möhkəm şəkildə sarınmış çalışmalardır. Elmi dəlillərin (yoxdan) meydana gətirildiyi çox aydındır. Amma müəllif, oxucuların bu həqiqəti görməməsi üçün çox diqqətli davranmışdır".(56)

Buna baxmayaraq, Darvin və onu dəstəkləyən digər bioloqlar Hekkelin şəkillərini istinad nöqtəsi kimi qəbul etməyə davam etdilər. Bu da Hekkelə motivasiya verdi. Embriologiyanı darvinizmə güclü bir dayaq halına gətirmək üçün qolları çirmələdi. Apardığı müşahidələr belə bir dayaq meydana gətirmirdi, amma o müşahidələrdən çox, şəkillərə əhəmiyyət verirdi. Sonrakı illərdə bir sıra müqayisəli embrion şəkilləri çəkdi. Balıq, səməndər, tısbağa, toyuq, dovşan və insan embrionlarını yan-yana göstərən sxemlər hazırladı. Bu sxemlərdə diqqəti çəkən cəhət, bu fərqli canlıların embrionlarının əvvəlcə bir-birlərinə çox bənzəmələri, inkişaf müddəti əsnasında bir-birindən yavaş-yavaş fərqlənməyə başlamaları idi. Xüsusilə də insan embrionunun balıq embrionuna bənzərliyi çox diqqət çəkici idi. Belə ki, insan embrionu şəkillərində eynilə balıqdakı kimi "qəlsəmə"lərin belə olduğu görülürdü, Hekkel bu şəkillərin verdiyi saxta elmilik görünüşü ilə "nəzəriyyəsini" elan etdi: Ontogenez, filogenezin təkrarıdır. Bu şüarın mənası bu idi: Hekkelə görə hər canlı, yumurtasında və ya anasının bətnində keçirdiyi inkişaf əsnasında öz növünün "təkamül tarixini" başdan yaşayırdı. Məsələn, insan embrionu ana bətnində əvvəlcə balığa bənzəyir, sonrakı həftələrdə səməndər, sürünən, məməli kimi mərhələlərdən keçdikdən sonra, "təkamül keçirərək" insana çevrilirdi.

"Ontogenez, filogenezin təkrarıdır" şüarındakı "təkrarlama" (recaputilation) anlayışından yola çıxaraq yaradılan "rekapitulyasiya nəzəriyyəsi" olaraq da bilinən bu hekayə, qısa müddətdə bütün dövrlərin ən məşhur saxta təkamül "dəlil"lərindən birinə çevrildi. 20-ci əsr boyunca, yüz milyonlarla şagird Hekkelin balıq-səməndər-tısbağa-toyuq-dovşan-insan sxemlərini dərsliklərində gördü və "insan embrionunda qəlsəmələrin olduğu" hekayəsiylə yetişdirildi. Hazırkı dövrdə hələ də təkamül nəzəriyyəsinə inanan bir çox adama sual yönəltdikdə ağıllarına gələn bir neçə "təkamül dəlili"ndən biri də bu olacaq.

Halbuki, bütün bu hekayə tam bir saxtakarlıqdan ibarət idi.

Embrionlar əslində bir-birlərinə heç bənzəmirdilər. Hekkel çəkdiyi şəkillərdə mümkün ola biləcək hər cür təhriflərə yol vermişdi. Embrionlara xəyali orqanlar əlavə etmiş, bəzilərindən orqanları çıxartmış, böyüklükləri çox fərqli olan embrionları eyni boydalarmış kimi göstərmişdi.

Hekkelin insan embrionunda "qəlsəmə" deyə göstərdiyi yarıqların isə qəlsəmələrlə heç bir əlaqəsi yox idi: Bunlar əslində insanın orta qulaq kanalının, paratiroid və timüs vəzlərinin başlanğıcları idi. (Hekkelin digər bənzətmələrinin də saxta olduğu məlum oldu: Embrionun "yumurta sarısı kisəsi"nə bənzədilən qismi, əslində körpə üçün qan əmələ gətirən bir kisə idi. Hekkelin və onun ardıcıllarının "quyruq" kimi xarakterizə etdikləri qisim isə, insanın onurğa sümüyü idi və sadəcə qıçlardan daha əvvəl meydana gəldiyi üçün "quyruq" kimi görünürdü.)

Hekkelin şəkillərdə saxtakarlığa yol verdiyi hələ 20-ci əsrin əvvəllərində ortaya çıxmış və o da bu mövzuda xeyli açıq bir "etirafla" çıxış etmişdi. Ernst Hekkel belə söyləyirdi:

Etdiyim bu saxtakarlığı etiraf etdikdən sonra özümü danlanılmış və qınanılmış biri kimi görməliyəm. Lakin mənə təsəlli verən budur ki, günahkar mövqeyində olduğumuz yüzlərlə yoldaş, bir çox etibarlı müşahidəçi və tanınmış bioloq vardır ki, onların çıxartdıqları ən yaxşı biologiya kitablarında, müddəalarında və jurnallarında mənim etdiyim dərəcədə edilmiş saxtakarlıqlar, qeyri-qəti məlumatlar, az-çox təhrif edilmiş, sxemləşdirilib yenidən yerbəyer edilmiş şəkillər var.(57)

Ancaq buna baxmayaraq, darvinist sistem bu təbliğat vəsaitini çox bəyəndi və bunu istifadə etməkdən imtina etmədi. Şəkillərin elmi bir saxtakarlıq olduğu görməzlikdən gəlindi və on illər ərzində dərsliklər başda olmaqla, bir çox təkamülçü qaynaq bu şəkilləri bir həqiqətmiş kimi irəli sürdü.

Hekkelin şəkillərinin bir saxtakarlıq olduğu, ancaq 90-cı illərin ikinci yarısında yüksək səslə dilə gətirilməyə başlandı. Tanınmış elm jurnalı “Science”, 5 sentyabr 1997-ci il tarixli buraxılışında, Hekkelin embrion şəkillərinin bir saxtakarlıq məhsulu olduğunu açıqlayan bir məqalə dərc etdi. "Hekkelin Embrionları: Saxtakarlıq Yenidən Kəşf edildi" başlıqlı və Elizabet Pennisi tərəfindən qələmə alınmış bir yazıda belə deyilir:

Londondakı St. George's Hospital Medical Schooldan embrioloq Michael Richardson: “(Hekkelin şəkillərinin) verdiyi təəssürat, yəni embrionların bir-birinə çox bənzədikləri təəssüratı yanlışdır” deyir... O və yoldaşları Hekkelin çəkdiyi növdəki və yaşdakı canlıların embrionlarını yenidən təhlil edərək və şəkillərini çəkərək müqayisələr aparmışlar. Richardson, Anatomy and Embryology” jurnalına yazdığı məqalədə, 'embrionlar çox vaxt heyrətamiz dərəcədə fərqli görünürlər' deyə qeyd edir.(58)

Hekkelin, embrionları bənzər göstərə bilmək üçün bəzi orqanları qəsdli surətdə şəkillərindən çıxartdığını ya da xəyali orqanlar əlavə etdiyini bildirən “Science” jurnalı, yazının davamında bu məlumatları verir:

"Richardson və qrupunun bildirdiyinə görə, Hekkel yalnız orqanlar əlavə etmək ya da çıxartmaqla kifayətlənməmiş, həmçinin fərqli növləri bir-birlərinə bənzər göstərə bilmək üçün böyüklüklərini dəyişdirmiş, bəzən embrionları öz ölçülərindən on qat fərqli göstərmişdir. Üstəlik Hekkel fərqləri gizlədə bilmək üçün, növləri adlandırmaqdan çəkinmiş və tək bir növü sanki bütün bir heyvan qrupunun nümayəndəsi kimi göstərmişdir. Richardson və qrupunun ifadə etdiyinə görə,əslində bir-birlərinə çox yaxın olan balıq növlərinin embrionlarında belə, görünüş və inkişaf müddəti baxımından çox böyük fərqlər mövcuddur. Richardson “(Hekkelin şəkillərinin) biologiyadakı ən böyük saxtakarlıqlardan biri halına gəldiyini” deyir.(59)

“Science”dəki məqalədə, Hekkelin bu mövzudakı etiraflarının bu əsrin əvvəlindən etibarən necə olubdursa gizlədildiyindən və saxta şəkillərinin dərsliklərdə elmi həqiqət kimi oxudulmağa başlanmasından da belə danışılır: "Hekkelin etirafları, şəkillərinin 1901-ci ildə, "Darwin and After Darwin" (Darvin və Darvindən Sonra) adlı bir saytda istifadə edilməsindən sonra ortadan yox oldu və şəkillər ingilis dilindəki biologiya dərsliklərində geniş miqyasda çoxaldıldı".(60)

“New Scientist”da 16 oktyabr 1999-cu ildə dərc olunan bir məqalədə Hekkelin embriologiya nağılının tamamilə yalan olduğu belə izah edilirdi:

Hekkel nəzəriyyəsini "biogenetik qanun" olaraq adlandırdı və bu düşüncə qısa zamanda "rekapitulasiya" adıyla məşhurlaşdı. Əslində isə, Hekkelin sərt qanununun yanlış olduğu qısa bir müddətdən sonra göstərilmiş oldu. Məsələn,erkən inkişaf dövründəki insan embrionu qətiyyən bir balıq kimi qəlsəmələrə sahib deyil və embrion qətiyyən yetkin bir sürünən ya da meymuna bənzər mərhələlərdən keçməz.(61)

Beləliklə də, bütün dövrlərin ən məşhur saxta "təkamül dəlili" sayıla biləcək olan "rekapitulasiya" nəzəriyyəsi çürümüş oldu.

Beləliklə də, Hekkelin saxtakarlığı ortaya çıxdı. Amma Hekkelinkinə yaxın başqa bir saxtakarlıq hələ də görməzlikdən gəlinirdi.

Bu Darvinin saxtakarlığı idi. Darvin, başda da ifadə etdiyimiz kimi Hekkelin şəkillərini və şərhlərini, dövrün digər elm adamlarının zidd görüşlərini heçə sayaraq götürmüş və nəzəriyyəsini dəstəkləmək üçün istifadə etmişdi. Ancaq Darvinin dürüstlükdən uzaqlaşdığı tək məqam bu deyildi. Daha da təəccüblü bir məqam, dövrün ən məşhur embrioloqu sayıla biləcək Karl Enrst von Baerin görüşlərini tamamilə təhrif edərək nəql etmiş olması idi. Jonathan Wellsin “Icons of Evolution” adlı kitabında təfsilatlı şəkildə açıqladığı kimi, Von Baer Darvinin nəzəriyyəsinə inanmırdı və buna şiddətlə qarşı çıxmışdı. Embriologiyaya gətirilən təkamülçü şərhlərə də yenə qəti surətdə qarşı çıxırdı və O; "ali heyvanların embrionları heç vaxt başqa bir canlının embrionuna bənzəməz, yalnız öz embrionuna bənzəyər" deyə yazmışdı.(62) Darvinistlərin isə, "embrionları araşdırmamışdan əvvəl, onsuz da darvinist təkamül fərziyyəsini qəbul etmiş" azğın kimsələr olduğunu ifadə etmişdi.(63)

Ancaq Darvin, “Növlərin Mənşəyi” kitabının üçüncü nəşrindən etibarən, Von Baerin şərhlərini və gəldiyi nəticələri təhrif edərək öz nəzəriyyəsinin lehinə olan bir dəlil kimi istifadə etdi. Jonathan Wells bunu belə açıqlayır:

Darvin von Baeri, öz embrioloji dəlillərinin qaynağı kimi iqtibas etdi, amma ən əhəmiyyətli məqamda Darvin bu dəlilləri öz nəzəriyyəsinə uyğunlaşdırmaq üçün təhrif etdi. Von Baer, apardığı müşahidələrin Darvin tərəfindən haqsız şəkildə istifadə edilməsinə qarşı çıxacaq qədər uzun yaşadı və 1876-cı ildəki ölümünə qədər darvinist təkamülün güclü tənqidçilərindən biri oldu. Amma Darvin yenə də onu qaynaq göstərməyə davam etdi, onu (Baeri), açıq şəkildə qarşı çıxdığı nəzəriyyənin, sanki bir dəstəkçisiymiş kimi göstərdi.(64)

Bir sözlə, Darvin, dövrünün primitiv şərtlərindən, yalnız səhv və ön mühakiməli elmi çıxarışlar etmək üçün deyil, ünsiyyət çatışmazlığından faydalanaraq başqa elm adamlarının çalışmalarının nəticələrini təhrif etmək üçün də istifadə etmişdi.

Bütün bunların gec də olsa ortaya çıxması, şübhəsiz ki, darvinizm üçün əhəmiyyətli bir zərbədir. Darvin, Hekkelin saxtakarlığından güc qazanmış və embriologiyanı, nəzəriyyəsini dəstəkləyirmiş kimi göstərmişdi.(65) Bir çox insan da bu hekayəyə aldandı, cahillik və səthilik ucbatından, bir zamanlar boğazında "qəlsəmələr" daşıdığını zənn edərək, təkamülə inandı.

Amma bu bir zamanlar idi...

Artıq embriologiyanın darvinizmə bir dəlil təqdim etmədiyi məlumdur və artıq embriologiya sahəsində də eyni şüarı təkrarlamaq lazımdır: Bir zamanlar darvinizm vardı!...

----

53- Charles Darwin, The Origin of Species & The Descent of Man, The Modern Library, New York, s. 398

54- Charles Darwin, Letter to Asa Gray, Sept. 10, 1860, in Francis Darwin (editor), The Life and Letters of Charles Darwin , Vol. II (New York: D. Appleton and Company, 1896), s.131

55- "HAECKEL'S FRAUDULENT CHARTS"; http://www.pathlights.com/ce_encyclopedia/17rec03.htm

56- L. Rutimeyer, "Referate," Archiv fur Anthropologie, 1868

57- Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, New York: Ticknor and Fields 1982, s. 204

58- Science, 5 Eylül 1997

59- Science, 5 Eylül 1997

60- Elizabeth Pennisi, "Haeckel's Embryos: Fraud Rediscovered", Science, 5 Eylül 1997

61- Ken McNamara, "Embryos and Evolution", New Scientist, 16 Ekim 1999

onathan Wells, Icons of Evolution: Science or Myth?, s. 84

63- Jonathan Wells, Icons of Evolution: Science or Myth?, s. 85

64- Jonathan Wells, Icons of Evolution: Science or Myth?, s. 86

65- Charles Darwin, Letter to Asa Gray, Sept. 10, 1860, in Francis Darwin (editor), The Life and Letters of Charles Darwin , Vol. II (New York: D. Appleton and Company, 1896), s.131