Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

BİR ZAMANLAR HƏYATIN SADƏ OLDUĞU GÜMAN EDİLİRDİ

 

Darvinizm yer üzündəki bütün canlıların hər hansı bir məqsəd ya da plan olmadan, təsadüflər nəticəsində meydana gəldiyini iddia edir.

Bu iddianın ilk halqasını isə, cansız maddədən ilk canlının meydana gəlməsi təşkil edir. Bu ilk canlının həqiqətən cansız maddədən təsadüfən meydana gələ biləcəyi göstərilməlidir ki, təbii bir "təkamül prosesinin" olub ola bilməyəcəyi mübahisə edilə bilsin.

Yaxşı, bəs onda bu ilk halqa elmi məlumatlarla müqayisə edildikdə ortaya nə çıxar?. Yəni cansız maddədən təsadüflər nəticəsində canlı bir orqanizm meydana gələ bilərmi?.

Bir zamanlar müşahidə və təcrübələrin yuxarıdakı suala müsbət cavab verdiyi hesab edilirdi. Yəni cansız maddədən öz-özünə canlıların törəyə biləcəyi düşünülürdü. Çünki, bəhs olunan "müşahidə və təcrübələr" çox primitiv idi.

Bu müşahidə və təcrübələri ilk olaraq qədim misirlilər aparmışdı. Nil çayının ətrafında yaşayan bu xalq yağışlı fəsillərdə Nilin ətrafında çoxalan qurbağaların, çayın təsiriylə palçıqdan törədiklərini zənn edirdilər. Yalnız qurbağaların deyil, ilan, soxulcan və siçanların da Nil çayında baş verən daşqınlar nəticəsində, çayın palçıqlarından meydana gəldiklərini düşünürdülər. Apardıqları səthi "müşahidə", onları bu cür batil bir inanca sürükləmişdi.

Yalnız Qədim Misirdə deyil, keçmiş dövrlərdəki bir çox bütpərəst cəmiyyətdə də canlı və cansız varlıqlar arasında tam da bəlli olmayan və asanlıqla keçilə bilən bir sərhəddin olduğu inancı geniş yayılmışdı. Hindu fəlsəfəsinə görə isə kainat "prakriti (materiya)" adı verilən böyük, yumru bir maddədən meydana gəlmişdi. Canlı-cansız bütün maddələr bu ilk maddədən təkamül keçirmək yolu meydana gəlir və təkrar prakritiyə çevrilirdi. Qədim yunan fəlsəfəçilərindən Talesin şagirdi Anaksimandr "təbiət" adlı şeirində heyvanların günəş işığı sayəsində buxarlanan bir palçıqdan meydana gəldiklərini yazdı.

Bütün bu batil inancların təməlində, canlıların sadə bir quruluşa sahib olduğu zənni dururdu. Bu zənn müasir elmin yarandığı Avropada da uzun müddət qorundu. Müasir elm 16-cı əsrdən etibarən inkişafa başladı, ancaq elm adamlarının canlıların incəliklərini, xüsusilə də onların gözlə görülməyən molekulyar quruluşunu araşdırma imkanları olmadığı üçün, ən azı üç yüz il canlıların sadə olduğu düşüncəsi bəziləri üçün inandırıcı olmağa davam etdi.

Bu inandırıcılığın təməlində yenə bəzi səthi müşahidə və təcrübələr vardı. Məsələn, Belçikalı kimyaçı Jan Baptista van Helmont (1577-1644) çirkli bir köynəyin üzərinə buğda tökdü və müəyyən bir müddət gözlədikdən sonra köynəyin ətrafında siçanların olduğunu gördükdə, buğda və köynək qarışığından siçanların törədiyinə inandı. Alman elm adamı Athanasius Kircher (1601-1680) də bənzər bir təcrübə apardı. Ölü milçəklərin üzərinə bal tökən və bir müddət sonra bu balın ətrafında uçuşan milçəklərin olduğunu görən Kircher, ölü milçəklərlə birləşən balın canlı bir milçək əmələ gətirdiyini zənn edti.

Ancaq daha şüurlu təcrübələr aparan elm adamları bu düşüncələrin bir yanılma olduğunu dərk edə bilirdilər. İtalyan elm adamı Francisco Redi (1626 -1697) bu mövzuda ilk dəfə diqqətli bir təcrübə apardı. İzolyasiya üsulundan istifadə edərək, ətlərin üzərindəki qurdların öz-özlüyündə meydana gəlmədiyini, milçəklərin gətirib buraxdıqları sürfələrdən çıxdığını müəyyənləşdirdi. Redi, canlıların cansız maddələrdən deyil, ancaq başqa bir canlıdan əmələ gələ biləcəyini müdafiə etdi. Bu görüş "biogenez" olaraq məlum oldu. Canlıların öz-özlüyündə meydana gələ bildiyi görüşünün adı isə "abiogenez" idi.

Abiogenez və biogenez tərəfdarları arasındakı elmi mübahisəni 18-ci əsrdə John Needham (1713-1781) və Lazzaro Spallanzani (1729-1799) davam etdirdi. Hər ikisi də bir parça əti qaynatdıqdan sonra izolyasiya etdilər. Needham ətdə yenə qurdların meydana gəldiyini müşahidə etdi və bunu abiogenezə dəlil saydı. Spallanzani isə eyni təcrübəni təkrarladı, amma əti daha uzun müddət qaynatdı. Belə etməklə üzərindəki bütün üzvi formaları öldürmüş olurdu. Bunun nəticəsində ət qurdlanmadı. Beləcə Spallanzani abiogenezi çürütmüş olurdu. Amma yenə də bir çox insan buna inanmadı. Spallanzaninin "əti çox qaynadaraq içindəki həyat gücünü yox etdiyini" söylədilər.

Çarlz Darvin nəzəriyyəsini inkişaf etdirərkən, həyatın mənşəyi mövzusu məhz bu kimi mübahisələrlə naməlum idi. Bir çox insan qurdlar kimi gözlə görülə bilən canlıların olmasa belə, bakteriyaların və digər mikrobların cansız maddədən törəyə biləcəyinə inanırdı. Tanınmış fransız kimyaçısı Luis Pastör, əsrlərdir ki, davam edən abiogenez iddiasını apardığı təcrübələr ilə 1860-cı ildə çürütdü, amma abiogenez düşüncəsi yenə də bir çox insanın zehnində özünə yer saxlamağa davam etdi.

Bu səbəblə də Darvin ilk hüceyrənin necə meydana gəlmiş ola biləcəyi mövzusu barəsində heç düşünmədi. 1859-cu ildə nəşr olunan “Növlərin Mənşəyi”ndə bu mövzuya dair hər hansı bir şərhə yer vermədi. Pastörün təcrübələri bu mövzunun darvinizm üçün böyük bir problem olduğunu göstərdikdən sonra belə, məsələyə elə də ciddi yanaşmadı. Həyatın mənşəyi mövzusundakı bilinən yeganə "şərhi", ilk hüceyrənin "kiçik isti bir göldə" meydana gəlmiş ola biləcəyi istiqamətində idi. Darvin 1871-ci ildə Joseph Hookerə yazdığı məktubda belə deyirdi:

Ümumiyyətlə deyilir ki, yaşayan orqanizmin meydana gəlməsi üçün lazımi şərtlər hal-hazırda mövcud olduğuna görə, bu şərtlər hər vaxt mövcud olmalı idi. Amma, əgər bütün amonyak və fosfor duzlarının olduğu, işıq, istilik, elektrik və sairənin də mövcud olduğu kiçik isti bir göldə, kimyəvi şəkildə bir zülal birləşməsi meydana gəlsə və mürəkkəb dəyişikliklər keçirməyə hazır olsaydı, hazırkı vaxtda bu maddə dərhal absorbsiyaya məruz qalardı (udulardı), amma canlı varlıqların varlığından əvvəl bu vəziyyət belə olmaya bilərdi.

Bir sözlə Darvin, isti bir gölün içində həyatın xammalı olan bəzi kimyəvi maddələr olduğu təqdirdə zülalların meydana gələ biləcəyini, bunların da çoxalıb birləşərək bir hüceyrə meydana gətirə biləcəkləri fikrini müdafiə etmişdi. Bundan əlavə, belə bir əmələgəlmənin hal-hazırda dünya şərtlərində mümkün olmadığını, amma keçmiş dövrlərdə mümkün ola biləcəyini irəli sürmüşdü.

Darvinin hər iki iddiası da heç bir elmi təməli olmayan bir fərziyyə idi.

Amma bu fərziyyələr özündən sonra gələcək təkamülçülər üçün ilham mənbəyi olacaq və 1 əsrdən artıq bir müddət davam edəcək ümidsiz bir səyi başladacaqdı.

Bu ümidsiz səy, əsrlərdir varlığını qoruyan və Darvini də yanıldan bir yanlışlığa əsaslanırdı: Həyatın tamamilə təsadüflər və təbiət qanunları ilə meydana gələ biləcək qədər sadə olduğu yanılması...

O zamandan indiyədək 1 əsr qədər uzun bir müddət keçdi.

Minlərlə elm adamı həyatın mənşəyinə təkamüllü bir açıqlama gətirmək üçün səy göstərdi. İlk belə açıqlamalar Aleksandr Oparin və J. B. S. Haldanadan gəldi. Biri rus digəri isə ingilis (amma hər ikisi də marksist) olan bu iki elm adamı "kimyəvi təkamül" olaraq bilinən nəzəriyyəni ortaya atdılar. Darvinin xəyal etdiyi kimi, həyatın xammalı olan molekulların enerji verməsi sayəsində öz-özlərinə təkamül keçirib canlı hüceyrə əmələ gətirə biləcəklərini iddia etdilər.

Oparin və Haldananın müddəaları 20-ci əsrin ortasında sürət qazandı. Çünki həyatın nə cür mürəkkəb olduğu hələ də tam bilinmirdi və Stenli Miller adlı gənc bir kimyaçının apardığı bir təcrübə "kimyəvi təkamül" müddəasına saxta bir elmi dəstək təmin etmişdi.

 

 

Bir zamanlar Millerin apardığı bir təcrübə var

Bu gün həyatın mənşəyindən bəhs edən təkamülçü qaynaqlara baxsanız böyük ehtimalla müdafiə etdikləri müddəalara ən böyük dəlil olaraq, "Miller Təcrübəsi"ni göstərdiklərini görərsiniz. Bir çox ölkənin biologiyaya aid dərsliklərində şagirdlərə bu təcrübənin nə cür əhəmiyyətli bir tapıntı olduğu və guya "həyatın mənşəyi problemini necə işıqlandırdığı" izah edilir. Təcrübənin təfərrüatları çox vaxt görməzlikdən gəlinir. Təcrübədə nəyin meydana gətirildiyi və bunun həyatın mənşəyi məsələsinin nə qədərinə "işıq tutmuş" ola biləcəyi də görməzlikdən gəlinir.

Bu təcrübəyə aydınlıq gətirmək üçün, daha əvvəlki fəaliyyətlərimizdə çox ətraflı şəkildə yer verdiyimiz həqiqətləri qısaca yekunlaşdıraq.

1953-cü ildə Çikaqo Universitetinin Kimya fakültəsinin tələbəsi olan Stenli Miller müəllimi Harold Ureyin də nəzarəti altında primitiv yer atmosferinə bənzədiyini fərz etdiyi bir qaz qarışığı meydana gətirdi. Sonra bu qarışığın içinə bir həftədən artıq bir müddət elektrik verdi və bu müddətin sonunda canlılarda istifadə olunan (və istifadə olunmayan) bəzi amin turşularının sintez edildiyini müşahidə etdi.

Amin turşuları bədənin ən fundamental vəsaitləri olan zülalların bünövrələridir. Yüzlərlə amin turşusu, hüceyrə içində müəyyən bir sırayla birləşdirilir və beləcə zülallar yaranır. Hüceyrələr də ortalama bir neçə min müxtəlif növdəki zülaldan meydana gəlir. Yəni amin turşuları canlıların ən kiçik hissəcikləridir.

Məhz bu səbəblə də Stenli Millerin amin turşusu sintezi, təkamülçülər arasında böyük həyəcan oyandırdı və on illərlə davam edəcək "Miller təcrübəsi əfsanəsi" meydana gəlmiş oldu.

Halbuki, əfsanə boş idi. Etibarsızdı.

Bu həqiqət yavaş-yavaş ortaya çıxdı. 1970-ci illərdə, dünyanın yeni meydana gəldiyi dövrlərdə mövcud olan atmosferin, Millerin təcrübəsində istifadə etdiyi metan və amonyak qazlarını ehtiva etmədiyi, bunların əvəzinə başlıca olaraq azot və karbon qazlarını ehtiva etdiyi sübut edildi. Bu da Millerin ssenarisini boşa çıxardı, çünki bəhs olunan qazlar amin turşusunun meydana gəlməsi üçün heç də uyğun deyildi. Geologiya jurnalı “Earth”da dərc olunan 1998-ci il tarixli bir məqalədə bu həqiqət belə yekunlaşdırıldı:

Bu gün Millerin ssenarisinə şübhə ilə yanaşılır. Bunun bir səbəbi isə, geoloqların primitiv atmosferin başlıca olaraq karbon və azot qazlarından meydana gəldiyini qəbul etmələridir. Bu qazlar isə 1953-cü ildəki təcrübədə (Miller Təcrübəsində) istifadə ediləndən daha az aktivdirlər.(8)

Digər tanınmış bir elm jurnalı “National Geographic”in eyni ilə aid bir məqaləsində isə, mövzuyla əlaqədar bu sətirlərə yer verilirdi:

Bu gün bir çox elm adamı primitiv atmosferin Millerin irəli sürdüyündən fərqli olduğunu təxmin edir. Primitiv atmosferin, hidrogen, metan və amonyakdan çox, karbon və azot qazlarından meydana gəldiyini düşünür. Bu isə kimyaçılar üçün pis bir xəbərdir!. Karbon və azot qazlarını reaksiyaya daxil etdiklərində əldə edilən üzvi birləşmələr olduqca dəyərsiz miqdarlardadır. (9)

Jon Cohenin “Science” jurnalında dərc olunan 1995-ci il tarixli bir məqaləsindəki bir şərh də bu mövzuya aydınlıq gətirir. Cohen həyatın mənşəyini araşdıran elm adamlarının Miller Təcrübəsinə diqqət yetirmədiklərini ifadə etmiş və səbəbini də belə yekunlaşdırmışdır: "Çünki primitiv dünya atmosferi, Miller-Urey simulyasiyasına qətiyyən bənzəmirdi". (10)

Miller təcrübəsini etibarsız hala salan başqa bir nöqtə isə, primitiv dünya atmosferində bol miqdarda oksigen olduğunun da müəyyənləşdirilmiş olunmasıdır. Bu istər Miller təcrübəsini, istərsə də digər kimyəvi təkamül ssenarilərini çıxılmaz vəziyyətə salmışdır, çünki oksigenin, bütün üzvi molekulları oksidləşdirmə xüsusiyyəti vardır. Bədəndə bu təhlükənin qarşısı çox xüsusi ferment sistemləri sayəsində alınmış olar. Təbiətdə sərbəst halda gəzəcək üzvi bir molekulun oksigen tərəfindən oksidləşdirilməməsi, yəni yandırılmaması qeyri-mümkündür.

Bütün bu həqiqətlərə baxmayaraq, başda ifadə etdiyimiz kimi Miller təcrübəsi on illərdir ki, həyatın mənşəyini izah edən çox əhəmiyyətli bir kəşf kimi göstərilir. Dərsliklərdə şagirdlərə belə təqdim edilir. Bu təqdimat aparılarkən də, "Miller üzvi birləşmələrin necə sintez edilə biləcəyini göstərdi" və ya "Miller ilk hüceyrələrin necə meydana gəldiyini göstərdi" kimi istiqamətləndirici ifadələr seçilir.

Məhz bundan ötrü də bir çox təhsilli insan bu mövzuda aldadılmışdır. Məsələn, bəzi məqalələrdə təkamül nəzəriyyəsindən danışılarkən, "amin turşusu, zülal kimi üzvi maddələr qarışdırılıb qaynadıldıqda həyat meydana gəlir, canlılar yaranır" kimi ifadələrə rast gəlinir. Ehtimal ki, bu, Miller təcrübəsi əfsanəsinin zehinlərdə qoyub getdiyi batil inanclardan biridir. Həqiqətdə isə, "amin turşusu, zülal kimi üzvi maddələr qarışdırılıb qaynadıldıqda həyatın meydana gəldiyi" heç vaxt müşahidə olunmamışdır. Həyat bir tərəfə dursun, amin turşularının meydana gəlməsi mövzusunu izah etməyə çalışan Miller təcrübəsi də, yuxarıda açıqladığımız kimi elmi etibarlılığı qalmamış, köhnə bir sınaqdır. Eynilə qurdlanan ətləri abiogenezə dəlili hesab edən Jan Baptista van Helmontun və ya Athanasius Kircherin "təcrübələri" kimi. Jeremy Rifkin, türk dilinə “Darvinin Çöküşü” adıyla tərcümə edilən kitabında (Algeny: A New World) eyni bənzətməni edir:

Əgər elm adamları azacıq şübhələnmək zəhmətinə qatlaşa bilsəydilər, bu təcrübənin (Miller təcrübəsinin), eynilə daha əvvəlki illərdə zibillərin içindən çıxan milçək qurdlarını müşahidə edərək həyatın cansız maddədən meydana gəldiyini iddia edən elm adamlarının etdikləri kimi, saxta bir hekayədən ibarət olduğunu dərhal görə bilərdilər. (11)

Miller təcrübəsini əhəmiyyətli bir kəşf zənn edənlərin anlaya bilmədikləri çox əhəmiyyətli bir nöqtə də budur: Miller təcrübəsini, meydana gətirdiyi və primitiv dünya atmosferi ilə əlaqəsi olmayan süni şərtlər altında reallaşdırmışdır, yəni təcrübənin şərtləri etibarsızdır. Bundan əlavə (və ən əhəmiyyətlisi də) bu təcrübədə yalnız amin turşusu sintez edə bilmişdir və hər hansı bir şəkildə amin turşusunun meydana gəlməsi, mütləq canlıların meydana gəlməsi demək deyil.

Canlı hüceyrəsini nəhəng bir fabrikə bənzətsək, amin turşuları da bu fabrikin bir kərpici ola bilər. Əhəmiyyətli olan bu kərpiclərin necə düzülüb dizayn ediləcəyidir. Bu günə qədər aparılmış heç bir təcrübə amin turşularının təsadüfən və ya öz-özlərinə yerbəyer olunub funksional bir zülal meydana gətirdiklərini göstərməmişdir. Canlıların meydana gəlməsi üçünsə yüzlərlə fərqli zülalın, DNT kodlarının, bunları şərh edən fermentlərin, seçib keçirici bir hüceyrə pərdəsinin və sairənin, yəni çox mürəkkəb bir mexanizmlər toplusunun meydana gəlməsi lazımdır. Belə bir "kimyəvi təkamül"ün baş verməsinin mümkünlüyü isə heç vaxt göstərilə bilinməmişdir. Eləcə də, buna inanmaq tək sözlə namümkünə inanmaqdır. Dünya səviyyəsində tanınmış fizikaçı və elmi yazıçı Pol Deyvis bu mövzuda bu əhəmiyyətli şərhi edir:

Bəzi elm adamları, yalnız bir az enerji əlavə edək, (həyat) öz-özünə meydana gələr deyə düşünürlər. Bu, bunu demək kimi bir şeydir: Kərpic yığınlarının altına bir dinamit qoyaq. Partlasın və bir eviniz olsun!. Əlbəttə bir eviniz olmaz, yalnız dolaşıqlıq yaranar. Həyatın mənşəyini açıqlamadakı çətinlik, bu mürəkkəb molekulların iç-içə keçmiş mürəkkəb təşkilati strukturunun, təsadüfən bir enerjinin daxil olması ilə necə meydana gəldiyinin açıqlanmasındadır. Bu çox spesifik mürəkkəb molekullar bir yerə necə toplanmışlar?.(12)

Əslində Pol Deyvisin göstərdiyi nümunə, həyatın mənşəyi probleminin həqiqi həllini də özündə saxlayır. Ortada bir ev varsa, bu evin, "kərpiclərin dinamitlə partladılması nəticəsində" meydana gəldiyini fərz etmək və bunun necə mümkün ola biləcəyi mövzusunda nəzəriyyələr meydana gətirmək məntiqlidirmi?. Yoxsa məntiqli olan, evin dinamit partlaması nəticəsində deyil, üstün bir yaradılış və nizamlanma nəticəsində meydana gəldiyini mi qəbul etməkdir?.

Cavab çox aydındır.

Bu səbəblədir ki, həyatın mürəkkəbliyinin bütün incəlikləriylə aydın olduğu son 20 ildə bir çox elm adamı "kimyəvi təkamül" əfsanəsini bir kənara qoymuş və həyatın mənşəyinə yeni bir cavab gətirməyə başlamışdır: Bu cavab, yaradılış həqiqətidir.

 

 

Həyatın təəccüb oyandıran kompleksliyi

Yaradılış həqiqətinin açıq şəkildə görülməsinə səbəb olan ən əhəmiyyətli başlanğıc nöqtəsi, həyatın Darvinin dövründə xəyal belə edilə bilməyən komplekslikdə olmasıdır. Lehigh Universitetinin biokimya professoru Michael J. Behe 1996-cı ildə nəşr olunan “Darwin's Black Box” (Darvinin Qara Qutusu) adlı kitabında canlılardakı kompleksliyin kəşf edilməsindən belə danışır:

1950-ci illərin ortalarından bəri biokimya elmi molekulyar səviyyədə həyatın fəaliyyətlərini aydınlığa qovuşdurur. 19-cu əsrin inkişaf səviyyəsindəki elmə; görmə, immunitet sistemi və ya hərəkət mexanizmləri kimi sistemlərin işləyişləri məlum deyildi. Müasir biokimya elmi isə bu və buna bənzər funksiyaları yerinə yetirən molekulların müəyyənləşdirilməsinə yol açdı. Əvvəllər həyatın təməllərinin sadə bir əsasa söykəndiyi düşünülürdü. Halbuki, bu ümid artıq tamamilə puç olmuşdur. Görmə, hərəkət mexanizmləri və digər bioloji funksiyaların, video kameralar və avtomobillərdən daha az mürəkkəb olmadığı sübut edilmişdir. Elm, həyatın kimyəvi quruluşunun necə formalaşdığını anlaya bilmək üçün xeyli inkişaf etmişdir. Lakin bioloji sistemlərdə olan molekulyar səviyyədəki həssas nizam və komplekslik bunların mənşəyinin izah olunması mövzusunda elmi iflicə uğratmışdır... Bir çox elm adamı özünə çox güvənərək buna izah tapdığını söyləmişdir. Yaxud çox yaxında buna izah gətirəcəklərini söyləmişdir, lakin peşəkar elmi ədəbiyyatda iddialarına bir dəstək tapa bilməmişdir. Daha əhəmiyyətlisi, sistemlərin öz strukturları araşdırıldığında həyat mexanizmlərinin darvinist bir yanaşma ilə əsla izah oluna bilinməyəcəyi aydın görünür.(13)

Yaxşı, hüceyrənin içində bu qədər kompleks olan nə vardır?. Behe sualın cavabını belə yekunlaşdırır:

1950-ci illərdən qısa bir müddət sonra elm, yaşayan orqanizmləri meydana gətirən molekulların bir qisminin xüsusiyyətlərini və formalarını müəyyənləşdirə biləcək bir səviyyəyə gəlib çatdı. Yavaş-yavaş, uzunmüddətli çalışmalar nəticəsində bir çox bioloji molekulun quruluşu kəşf edildi və bunların işləmə üsulları saysız təcrübə ilə sübuta yetirildi. Toplanan nəticələr isə həyatın maşınlar üzərində qurulmuş olduğunu göstərir. Bu maşınlar molekullardan meydana gəlmişdir!. Molekulyar maşınlar yüklərini hüceyrə içində bir yerdən başqa bir yerə, yenə digər molekullar tərəfindən meydana gətirilən "əsas yollar" ilə daşıyırlar. Bu vaxt digərləri hüceyrəni bir şəkildə sabit saxlaya bilmək üçün kabel, ip və çarx kimi müxtəlif vəzifələr yerinə yetirərək hərəkət edərlər. Maşınlar hüceyrəyə aid elektrik açarlarını işə salıb ayırırlar, bəzən hüceyrəni öldürər və ya əksinə inkişafını təmin edərlər. Günəş enerjisiylə işləyən maşınlar fotonların enerjisini ələ keçirər və bunları kimyəvi maddələr içində saxlayarlar. Elektrikli maşınlar axımın sinirlərdən keçməsini təmin edər. İstehsal prosesini həyata keçirən maşınlar özləri kimi başqa molekulyar maşınları və özlərini inşa edərlər. Hüceyrə maşınlardan istifadə edərək üzər, qidalanar və özünün surətini çıxardar. Bir sözlə, olduqca kompleks olan molekulyar maşınlar bütün hüceyrəvi proseslərə nəzarət edərlər. Həyatın incəlikləri həssas şəkildə nizamlanmışdır və nəticədə həyatın maşınları olduqca kompleksdir. (14)

İsrailli fizikaçı və molekulyar bioloq Gerald Schroeder də hüceyrənin içindəki fövqəladə kompleksliyə belə diqqət çəkir:

 …Bədəninizdəki hər hüceyrə fasiləsiz olaraq saniyədə ortalama 2000 zülal meydana gətirir. Hüceyrələr bu işi elə nəcib şəkildə yerinə yetirirlər ki, biz bu qədər fəaliyyəti qətiyyən hiss etmirik. Zülal yüzlərlə amin turşusunun bir yerə gələrək meydana gətirdiyi bir silsilədir və amin turşuları da təxminən iyirmiyə qədər atomdan meydana gəlir. Bədəninizdəki hər bir hüceyrə hal-hazırda təxminən on milyon atomdan ibarət olan beş yüz min amin turşusunu seçib bunları əvvəldən seçilmiş olan silsilələrdə yerbəyer edərək bir yerə gətirir, hər bir silsilənin spesifik bir şəkildə qıvrılıb qıvrılmadığına nəzarət edir və daha sonra hər bir zülalı necə olursa bu xüsusi zülala ehtiyac duyduğunun işarəsini verən müəyyən bir sahəyə, bəzilərini hüceyrə içinə, bəzilərini isə hüceyrə xaricinə göndərir. Bu əməliyyat hər saniyə hər hüceyrədə təkrarlanır. Bədənimiz yaşayan bir möcüzədir.(15)

Bu fövqəladə kompleks quruluşun təsadüflərin və təbiət qanunlarının məhsulu olduğunu iddia etmək, Pol Deyvisin ifadə etdiyi kimi, kərpiclərin altına dinamit qoyaraq bir ev meydana gələ biləcəyini iddia etmək kimidir. Buna görə də həyatın kompleksliyi qarşısında darvinistlər çarəsizdirlər. Behe, heç bir elmi nəşrdə həyatın mənşəyinə dair təkamül xarakterli bir izahat olmadığını belə izah edir:

Təkamül haqqında yayımlanan elmi nəşrləri araşdırsanız və araşdırmanızda molekulyar maşınlar, yəni həyatın təməli üzərində diqqətinizi cəmləşdirsəniz, get-gedə artan bir qorxu və daimi bir səssizliklə qarşılaşarsınız. Həyatın kompleksliyi, bunu hesablama yolundakı elmin təşəbbüslərini iflicə uğratmışdır, molekulyar maşınlar Darvinin önünə aşılması mümkün olmayan bir barrikada qurmuşdur.(16)

Bir sözlə, həyatın mənşəyi təkamül nəzəriyyəsini çöküşə aparan əhəmiyyətli həqiqətlərdən biri olmuşdur. Bəs təkamülçülər niyə hələ də darvinizmi müdafiə edirlər?

Miller təcrübəsinin iki memarından biri olan Harold Urey bu mövzuda belə bir etirafla çıxış etmişdir.

Həyatın mənşəyi mövzusunu araşdıran bizlər, bu mövzunu nə qədər çox araşdırsaq da, həyatın hər hansı bir yerdə təkamül keçirmiş ola bilməyəcək qədər kompleks olduğu nəticəsinə gəlirik. (Ancaq) Hamımız bir inanc olaraq, həyatın bu planetin üzərində ölü maddədən təkamül yolu ilə əmələ gəldiyinə inanırıq... O qədər böyük bir komplekslikdədir ki, necə təkamül keçirdiyini xəyal etmək belə bizim üçün çətindir.(17)

Urey özünün və bir çox həmkarının həyatın təsadüfi bir mənşəyi olduğuna "inandıqlarını" ifadə edir. Həqiqətən də nəzəriyyənin təməlində elm deyil, inanc durur. Maddədən başqa bir şey olmadığı və bütün faktların maddi təsirlərlə izah olunmasının lazım olduğu istiqamətindəki bu inancın adı da materialist fəlsəfədir.

Elmi istiqamətdən çökən darvinizm, sırf bu fəlsəfəyə kor-koranə inanılmasından ötrü müdafiə olunur. Amma bu da nəzəriyyəyə daha artıq bir ömür qazandıra bilməmişdir.

------

 

7- CHARLES DARWIN TO J.D. HOOKER, Down [March 29, 1863]. http://ibiblio.org/gutenberg/etext00/2llcd10.txt

8- "The Crucible of Life", Earth, Şubat 1998

9- "Origin of Life on Earth", National Geographic, Mart 1998

10- Jonathan Wells, Icons of Evolution, Science or Myth, Why Much of What We Teach About Evolution is Wrong, Washington, DC, Regnery Publishing, 2000, s. 21

11- Jeremy Rifkin, Darwin'in Çöküşü, Ufuk Kitapları, İstanbul 2001, s.133

12- Paul Davies, C.W. [renouned physicist] & Adams Phillip [journalist], "More Big Questions," ABC Books: Sydney, Australia, 1998, ss.53-54, 47-48, 48

13- Michael J. Behe, Darwin'in Kara Kutusu, "Evrim Teorisi"ne Karşı Biyokimyasal Zafer,  Aksoy Yayıncılık, 1998, s.8

14- Michael J. Behe, Darwin'in Kara Kutusu, s.14

15- Gerald L. Schroeder, Tanrı'nın Saklı Yüzü, Gelenek Yayıncılık, Nisan 2003, İstanbul, ss.67-68

16- Michael J. Behe, Darwin'in Kara Kutusu, s.15

17- W. R. Bird, The Origin of Species Revisited, Nashville: Thomas Nelson Co., 1991, s. 325