Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

BİR ZAMANLAR

"PULCUQLU KƏPƏNƏKLƏR" HEKAYƏSİ VARDI

 

Biston betularia, bəlkə də, bütün heyvanlar aləminin ən tanınmış növlərindən biridir. Geometridae ailəsinə bağlı olan bu kəpənək növü, öz şöhrətini, Darvindən indiyədək təkamül nəzəriyyəsinin ən öndə gələn bir uydurmadan ibarət "müşahidə edilmiş nümunəsinin" olmasına borcludur.

Biston betularia növünə aid variasiyaya uğramış bilinən iki ayrı canlı vardır. Məşhur olan açıq rəngli canlı, yəni Biston betularia f. typica, krem rəngindədir və üzərində tünd rəngli kiçik ləkələr vardır. Kəpənək də, məhz bu tünd rəngli ləkələrindən ötrü xalq arasında "pulcuqlu kəpənəklər" (peppered moth) deyə tanınır. 19-cu əsrin ortalarında isə kəpənəyin variasiyaya uğramış ikinci variantı müşahidəçilərin diqqətini çəkməyə başladı. Bu canlı tamamilə tünd rənglidir və bu qaraya yaxın rəngindən ötrü də Biston betularia carbonaria deyə adlandırılmışdır. Carbonaria, tünd rəngi ifadə edir. Eyni forma, "tünd rəngli" mənasını verən "melanik" sözüylə də ifadə edilir.

19-cu əsr İngiltərəsində bəhs olunan tünd forma getdikcə yayıldı. Bu yayılmağa "melanizm" adı verildi və darvinistlər buna əsaslanaraq da ən azı bir əsr boyunca böyük bir israrla istifadə edəcəkləri bir hekayə yazdılar. Bu hekayə guya bütün dövrlərin ən məşhur "təkamül dəlili" olaraq qeydə alındı. Biologiya kitablarının demək olar ki, hamısında, ensiklopedik qaynaqlarda, darvinizmlə əlaqədar media nəşrlərində, muzeylərdə, sənədli filmlərdə bu hekayə izah edilirdi.

Hekayənin xülasəsi budur: İngiltərədə sənaye inqilabının başladığı anlarda, Mançester və sənayenin aparıcı rol oyandığı digər bölgələrdəki ağacların qabıqları açıq rəngli idi. Dolayısilə bu ağacların üzərlərinə qonan tünd rəngli (melanik) güvə kəpənəkləri, bunlarla qidalanan quşlar tərəfindən asanlıqla görülərlər və dolayısilə yaşama imkanları çox azdır. Lakin əlli il sonra sənaye tullantıları nəticəsində ağacların üzərindəki açıq rəngli şibyələrin (bir növ yosun) ölməsiylə və bir tərəfdən də ağac gövdələrinin hislənməsiylə birlikdə qabıqlar tündləşmişdi. Bu dəfə də açıq rəngli güvələr quşlar tərəfindən intensiv şəkildə ovlanmağa başlandılar. Nəticədə açıq rəngli kəpənəklər say baxımından azalarkən, tünd rəngli melanik formalar ağaclar üzərində görülüb yem olmadıqları üçün çoxaldılar.

Təkamülçülər isə, bu prosesin nəzəriyyələrinə böyük bir dəlil olduğu, açıq rəngli kəpənəklərin zaman keçdikcə tünd rəngli kəpənəklərə çevrilib təkamül keçirdikləri kimi bir yalana müraciət etdilər. Darvinist qaynaqlarda izah edilən klassik hekayəyə görə bu bir "iş başındakı təkamül" (evolution in action) vəziyyətidir.

Halbuki, bu klassik darvinist hekayə də, digərləri kimi, hazırkı dövrdə çürümüş vəziyyətdədir.

Bunu görmək üçün, hekayənin davamına baxmaq lazımdır.

 

 

Kettlewellin "yapışdırma" kəpənəkləri

Pulcuqlu kəpənəklərin tünd rəngli (melanik) formasının İngiltərədəki sənaye inqilabından ötrü meydana gəldiyi və çoxaldığı müddəası, hələ də Darvin həyatda olarkən dilə gətirilməyə başlanmışdı. Hekayə 20-ci əsrin ilk yarısında da yalnız bir şərh kimi gündəmdə qaldı. Çünki ortada hekayəni təsdiqləyəcək elmi bir təcrübə və müşahidə yox idi. Darvinist bir tibb elmləri doktoru və həvəskar bir bioloq olan H. B. D.Kettlewell, məhz bu nöqsanı aradan qaldırmaq üçün 1953-cü ildə bir neçə təcrübə aparmağa qərar verdi. İngiltərənin çöllərinə gedərək, pulcuqlu kəpənəklərin yaşadığı sahələrdə müşahidə və təcrübələr apardı. Kettlewell bərabər saydakı açıq rəngli və melanik kəpənəyi ağaclı sahələrə saldı və hansılarının quşlar tərəfindən daha çox ovlandığını müşahidə etdi. Açıq rəngli şibyələrin olduğu ağacların üzərində, tünd rənglilərin çox ovlandığını müəyyənləşdirdi.

Kettlewell bu hekayəni 1959-cu ildə qatı darvinist “Scientific American” jurnalında dərc olunan "Darwin's Missing Evidence" (Darvinin İtkin Dəlili) başlıqlı bir məqaləylə dünyaya çatdırdı. Məqalə, darvinizm dünyasında böyük həyəcan yaratdı. Darvinist bioloqlar bir uydurmadan ibarət olan "iş başındakı təkamül"ü sübut etdiyi üçün Kettlewelli təbrik etdilər. Kettlewellin kəpənəkləri ağac gövdələri üzərində göstərən fotoşəkilləri hər yerdə dərc olundu. 1960-cı illərə çatdıqda, (Kettlewellin hekayəsi) bütün dərsliklərdə öz yerini almışdı, dörd on illik bir müddət ərzində biologiya öyrəncilərinin zehinlərinə təsir göstərəcəkdi.(142)

Bu məşhur hekayədəki qəribəliklər ilk dəfə 1985-ci ildə görüldü. Craig Holdrege adlı gənc bir amerikalı biologiya müəllimi, illərdir ki, şagirdlərinə öyrətdiyi pulcuqlu kəpənəklər hekayəsini bir qədər də araşdırmağa qərar vermişdi. Araşdırma əsnasında, Kettlewellin çox yaxın yoldaşı olan və onun təcrübələrinə qoşulan Sir Cyril Clarkenin qeydlərində maraqlı bir ifadəyə rast gəldi. Clarke belə deyirdi: "Müşahidə etdiyimiz tək şey, kəpənəklərin günü harada keçirmədikləri oldu. 25 il ərzində ağac gövdələrində və ya bizim qurduğumuz tələlərin yanındakı divarlarda yalnız iki dənə Betularia tapa bildik".(143)

Bu çox təəccüblü bir etiraf idi. “Atlantic Monthly”, “New York Times Book Review” kimi jurnallarda yazıçılıq edən amerikalı jurnalist Judith Hooper, pulcuqlu kəpənəklər əfsanəsini mövzu kimi götürən 2002-ci ildə nəşr olunmuş “Of Moths and Men: The Untold Story of Science and The Peppered Moth” (Kəpənəklər və İnsanlar: Pulcuqlu kəpənəklər və Elmin İzah edilməmiş Hekayəsi) adlı kitabında, Holdregenin göstərdiyi reaksiyanı belə izah edir:

Holdrege, "burada nələr baş verir" deyə özündən soruşdu. Uzun müddətdir ki, şagirdlərinə ağac gövdələrinə qonmuş kəpənəklərin fotoşəkillərini göstərir və daha yaxşı görünənlərinin quşlar tərəfindən seçilib ovladığını izah edirdi... "Amma indi bu kəpənəyi 25 il ərzində araşdırmış biri, bunları ağac gövdəsinə qonmuş halda, yalnız iki dəfə gördüyünü bildirirdi". Şibyələrə, hisə, kamuflyaja, quşlara nə olmuşdu?. Sənaye melanizminin böyük hekayəsinə nə olmuşdu?. Bu hekayə, kəpənəklərin həmişə ağacların gövdələrinə qonduğu izahatına əsaslanırdımı?.(144)

Holdregenin ilk dəfə gördüyü və dilə gətirdiyi bu qəribəlik, qısa müddətdə pulcuqlu kəpənəklər əfsanəsinin iç üzünü ortaya çıxardı. Judith Hooperin ifadəsiylə, "bu ikondakı (sənaye kəpənəkləri hekayəsindəki) nöqsanları görən adamın təkcə Holdrege olmadığı ortaya çıxdı. Çox keçmədən pulcuqlu kəpənəklər qızğın bir elmi mübahisəni alovlandırdı".

Bəs elmi müzakirədə ortaya çıxan həqiqətlər nələr idi?

Bu mövzunu ətraflı şəkildə açıqlayan digər bir amerikalı müəllif, bioloq Jonathan Wellsdir. Wells, “Icons of Evolution” adlı kitabında bu hekayəyə xüsusi bir bölmə ayırır. Saytda hekayənin "təcrübi dəlili" olaraq bilinən Bernard Kettlewellin çalışmasının, əslində bir elmi rüsvayçılıq xüsusiyyətində olduğu izah edilir. Bu rüsvayçılığın bəzi təməl ünsürləri belə sıralanır:

Kettlewellin təcrübələrindən daha sonra aparılan bir çox araşdırma, bəhs olunan kəpənəklərin yalnız bir tipinin ağac gövdəsinə qonduğunu, digər bütün tiplərin üfüqi budaqların alt qisimlərini seçdiyini göstərdi. 1980-ci illərdən etibarən kəpənəklərin ağac gövdələrinə çox nadir hallarda qonduğu hər kəs tərəfindən qəbul edildi. Bu mövzuda 25 illik bir çalışma aparan Cyril Clarke və Rory Howlett, Michael Majerus, Tony Liebert, Paul Brakefield kimi bir çox elm adamı, "Kettlewellin təcrübəsində kəpənəklərin təbii davranışları xaricində başqa cür davranmaq məsələsində çətinlik çəkdiklərini, təcrübə nəticələrinin bundan ötrü elmi qəbul edilə bilməyəcəyini" bildirdi.

Kettlewellin təcrübəsini araşdıran tədqiqatçılar daha da təəccüblü bir nəticələ ilə qarşılaşdılar: İngiltərənin çirklənməmiş bölgələrində açıq rəngli kəpənəklərin daha çox olması gözlənildiyi halda, tünd rənglilərin nisbəti açıq rənglilərdən dörd dəfə çox idi. Yəni, Kettlewellin iddia etdiyi və demək olar ki, hər təkamülçü qaynaqda təkrarlandığı kimi, kəpənək sayındakı nisbətlə ağac qabıqları arasında bir əlaqə yox idi.

İşin əsli araşdırıldıqca rüsvayçılığın dərəcəsi böyüdü: Kettlewell tərəfindən fotoşəkilləri çəkilən "ağac qabığı üzərindəki güvə kəpənəkləri", əslində ölü kəpənəklər idi. Kettlewell bu ölü canlıları iynə və yapışqan ilə ağaca yapışdırmış və elə göstərmişdi. Həqiqətdə kəpənəklər ağac gövdəsinə deyil, budaqların alt qisminə qonduqları üçün belə bir şəkil əldə etmə imkanı elə də yox idi.(145)

Bu həqiqətlər 90-cı illərin sonlarında elm dünyası tərəfindən öyrənildi. On illərdir ki, biologiya dərslərinin ən böyük təkamül vəsaiti olan sənaye kəpənəkləri əfsanəsinin bu şəkildə çökməsi, təkamülçülər arasında xəyal qırıqlığı yaratdı. Bunlardan biri olan Jerry Coyne xallı kəpənəklər mövzusundakı saxtakarlığı öyrəndiyində kədərləndiyini bildirir.(146)

 

 

Nağılın yüksəlişi və çöküşü

Yaxşı, bəs onda bu hekayə necə uydurulmuşdu? Judith Hooper, Kettlewellin və onunla birlikdə pulcuqlu kəpənəklərin təkamülü hekayəsini yaradan digər darvinistlərin darvinizmə dəlil tapmaq (və beləcə məşhur olmaq) motivasiyası içində dəlilləri təhrif etdiklərini və "öz özlərini aldatdıqlarını" belə açıqlayır:

Əhəmiyyətli ağıllı bir arqument ola biləcək dəlilləri xəyal etdilər, amma bunun mərkəzində təhrif edilmiş elm, etibarsız metodologiya və ön mühakiməli düşüncə yatırdı. Kəpənəklərin ətrafında dövrümüzün ən tanınmış təkamülçü bioloqlarının insani ehtirasları və özlərini aldatmaları ilə dolu bir qalaq toplanmışdı.(147)

Hekayənin çöküşündəki ən əhəmiyyətli faktorlardan biri də, Kettlewellin təcrübələrinin təhrif edildiyinin başa düşülməsindən sonra, digər bəzi elm adamlarının eyni mövzu üzərində apardıqları təcrübələr oldu. Pulcuqlu kəpənəklər hekayəsini son dövrdə araşdıran və əsassızlığını qəbul edən təkamülçü bioloqlardan biri, Uilyam və Meri kollecindən Bruce Grant idi. Judith Hooper, Grantın, Kettlewellin təcrübələrini təkrarlayan elm adamlarının çatdıqları nəticə haqqındakı şərhini belə nəql edir:

Bruce Grant, Kettlewellin (kəpənəklər haqqındakı) apardığı çoxsaylı tədqiqatlar barəsində; "belə bir şey reallaşmır" deyir. "David West sınadı. Cyril Clarke sınadı. Mən sınadım. Hər kəs sınadı. Heç kim bir nəticə əldə edə bilmədi". (Ağac gövdələrindəki) Arxa fon ahəngdarlığı təcrübələri üçünsə, Mikkola, Grant və Sargent Kettlewellin təcrübələrini təkrarladılar və onunku ilə ziddiyyət təşkil edən nəticələrə çatdılar. Bruce Grant: "Kettlewelli bir saxtakar kimi xarakterizə etməmək üçün diqqət göstərirəm" deyir, "amma çox diqqətsiz bir elm adamı idi".(148)

Pulcuqlu kəpənəklər haqqındakı təkamülçü hekayənin tamamilə səhv olduğunu göstərən digər bir dəlil isə, Biston betularianın Şimali Amerikadakı populyasiyalarıdır. Bu mövzudakı təkamülçü müddəa, sənaye inqilabından qaynaqlanan hava çirkliliyinin kəpənək populyasiyalarını tündləşdirdiyi istiqamətində idi. Kettlewellin İngiltərədə apardığı, bir uydurmadan ibarət olan "müşahidə və təcrübələri" də bunun dəlili kimi şərh olunmuşdu. Halbuki, eyni kəpənəklər Şimali Amerikada da yaşayır və sənaye inqilabının səbəb olduğu hava çirkliliyinin burada da yaşanmasına baxmayaraq, heç bir "melanizm" müşahidə olunmamışdır. Judith Hooper bu vəziyyəti, mövzunu təhlil edən Amerikalı elm adamı Theodore David Sargentin kəşflərinə istinad edərək belə açıqlayır:

(Təkamülçülər)... həmçinin, tünd rəngli ağac gövdələri, şibyələr, hava çirkliliyi və digər mövzular haqqındakı klassik hekayəyə qarşı əhəmiyyətli problemlər meydana gətirən Şimali Amerika materiki məsələlərini də görməzlikdən gəldilər. Melanik formalar Men ştatında, Cənubi Kanadada, Pitsburqda və Nyu-York ətrafında da geniş yayılmışdırlar... Sargentin fikrinə görə, Şimali Amerikadakı vəziyyət klassik sənaye melanizmi fərziyyəsini çürüdür. Bu fərziyyə, sənaye (hava çirkliliyi, tündləşən səthlər) və melanizmin çoxalması arasında güclü birbaşa əlaqə olduğunu nəzərdə tutur. Sargent: "Amma bu doğru deyildi" deyir, "nə Denis Owenin original tədqiqatlarında, nə də o vaxtdan indiyədək hər hansı bir şəxs tərəfindən belə bir əlaqənin olduğu tapılmamışdır".(149)

Bütün bu həqiqətlərin ortaya çıxmasıyla birlikdə, "Darvinin itkin dəlili" olaraq göstərilən pulcuqlu kəpənəklər hekayəsinin böyük bir yalandan ibarət olduğu ortaya çıxmışdır. On illərdir ki, Dünyanın dörd bir tərəfində yüz milyonlarla insan ağac qabıqlarına iynələnmiş bir neçə ölü kəpənəyin fotoşəkli və daim təkrarlanan köhnə bir hekayə ilə səhv məlumatlandırılmışdır. Həqiqətdə Darvinin ehtiyac duyduğu dəlillər hələ də itkindir; çünki belə bir dəlil yoxdur.

Londonda nəşr olunan “The Daily Telegraph” qəzetində 1999-cu ildə nəşr olunan bir məqalə, pulcuqlu kəpənəklər əfsanəsinin sonunun necə gəldiyini belə yekunlaşdırır:

Təkamül mütəxəssisləri, Çarlz Darvinin nəzəriyyəsi haqqındakı nümunələrinin, yəni pulcuqlu kəpənəklərin yüksəliş və çöküşünün, bir sıra elmi saxtakarlıqlara əsaslandığını gizli şəkildə etiraf edirlər. 1950-ci illərdə bu kəpənək üzərində aparılan və uzun müddətdir ki, təbii seleksiya həqiqətini isbat etdiyi düşünülən təcrübələrin artıq dəyərsiz olduqları, çünki "doğru" (istənilən) cavabı vermək üçün dizayn edildikləri düşünülür. Hal-hazırda elm adamları hekayəsi demək olar ki, təkamül haqqındakı bütün dərsliklərdə izah edilən Biston betularianın tarixinin həqiqi açıqlamasını bilmədiklərini etiraf edirlər.(150)

Bir sözlə, bir zamanlar bir çox təkamülçünün böyük bir hərarətlə müdafiə etdiyi "sənaye melanizmi" əfsanəsi də, digər uydurma təkamül dəlilləri kimi çürümüş oldu.

Bir zamanlar məlumat əskikliyi ucbatından və mühafizəkarlıqdan ötrü elm dünyası pulcuqlu kəpənəklərin təkamülü kimi nağıllara inanırdı.

Amma artıq bu kimi darvinist əfsanələrin hamısı çökdü. 

------

142-Judith Hooper, Of Moths and Men, W.W. Norton & Company, Inc., New York, 2002, s.xvii

143- Judith Hooper, Of Moths and Men, s.xviii

144- Judith Hooper, Of Moths and Men, s. xviii

145- Jonathan Wells, Icons of Evolution: Science or Myth? Why Much of What We Teach About Evolution is Wrong, ss. 141-151

146- Jerry Coyne, "Not Black and White", a review of Michael Majerus's Melanism: Evolution in Action, Nature, 396 (1988), ss. 35-36

147- Judith Hooper, Of Moths and Men, s. xviii

148- Judith Hooper, Of Moths and Men, s.296

149- Judith Hooper, Of Moths and Men, s.293

150- Robert Matthews, "Scientists Pick Holes in Darwin's Moth Theory", The Daily Telegraph, London, 18 Mart 1999